pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Allah zülm edirmi?
Tarixində 19 October 2018 & Saat 00:51

Allah bu qədər çox zülm edirmi? Biz peyğəmbərikmi imtahan olaq? Ümumiyyətlə ürəyim cəhənnəmə getmək istəyir nə edim? Dünyada olan bu qədər zülmə artıq dözə bilmirəm.


Allah zülm edirmi?

 

 

Allah bu qədər çox zülm edirmi? Biz peyğəmbərikmi imtahan olaq? Ümumiyyətlə ürəyim cəhənnəmə getmək istəyir nə edim? Dünyada olan bu qədər zülmə artıq dözə bilmirəm.

Allah heç kimə zülm etmir və heç kim Allahdan ədalətli deyil. Allah kainat aləmini ədalətlə yaratmışdır və Quranın bir neçə ayəsində ədalətli olmağa sifariş etmiş, zülmkar və zalımlara lənət etmişdir.

Buna görə də siz və başqaları üçün qarşıya çıxan çətinliklər, Allahın ədalətinə heç bir aidiyyəti yoxdur, əksinə möminlərin qarşısına çıxan çətinliklər ya onların işlərini bilməməzlikdən, ya İlahi imtahanlar, ya da ki mənəvi dərəcələrinin yüksəlməsi üçündür.

Yuxarıda qeyd olunan mövzu haqqında qısa izah:

·Bəzən insan elə günah və səhvlərə yol verir ki, nəticəsi dünya həyatında problemlərin yaranmasına səbəb olur.

Hər günahın özünəməxsus təsiri və nəticəsi vardır. Bəzi günahlar yoxsulluq gətirir, bəziləri də başqa çətinliklər yaradır. Necə ki, imam Əli (ə) Kumeyl duasında buyurur: “İlahi rüsvayçılığa, Sənin qəzəb və intiqamına, nemətlərini dəyişən, duaların qəbul olmasına mane olan və bəlaların nazil olmasına səbəb olan günahlarımı bağışla!”

Hər halda bu çətinliklər ona görədir ki, onun günahlarının cəzası olsun və Allah mömin bəndəsini sevdiyi üçün bəzi günahlarına görə elə bu dünyada  cəzalandırır ki, axirətdə yüngül olsun. Bunun özü Allahın bəndəsinə olan lütf və rəhmətidir. Lakin Allahın qəzəbinə səbəb olan şəxsə olduqca nemət verir ki, nəticədə onu axirətin ağrılı əzabına düçar etsin.

·İlahi imtahanlar: Bəzən çətinliklər ilahi imtahandan keçmək üçündür.

Allahın sabit sünnə və qanunlarından biri budur ki, möminləri imtahan edir. Necə ki, Quran bu məsələyə bir çox yerdə işarə edir. Misal olaraq: “Ali-İmran” surəsinin 186-cı ayəsində buyurur: “Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.”

Başqa bir ayədə buyurur: “Məgər insanlar «İman gətirdik» demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.”1

Əlbəttə Allahın imtahanlarının müəyyən çərçivəsi yoxdur, əksinə hər kəs öz halına və ruhiyyəsinə uyğun imtahan olunur. Məhz başqa ayədə buyurur: “Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.”1

İlahi imtahanın hikməti: Allah bütün işləri bilirsə deməli ilahi imtahanlar cəhaləti aradan qaldırmaq üçün deyil. Lakin xalis möminlərin ləyaqəti  göstərilsin və daxili talantları aşkar olsun deyə onlar imtahan olunur.

Mömini saflaşdırmaq və imanının mahiyyətini aşkar etmək, ilahi imtahanların hikmətlərindən biridir. Necə ki, zərgər qızılı od kürəsinə atmaqla onun qatışıqları odda məhv olur və xalis qızıl ələ gəlir.

Allah-taala da, mömin insanı bəla və qəm kürəsinə atmaqla püxtələşdirərək xalisləşdirir. İlahi imtahanların hikmətlərindən biri də, həqiqi möminləri dildə olan möminlərdən ayırmaqdır. Necə ki, imam Əli (ə) buyurur: "İnsanlar xalis olmalı, imtahan olunmalı, fərqlənməli və ələkdən keçirilməlidir."

Buna görə mömin, iman və ruhi vəziyyəti ilə mütənasib çətin ilahi imtahanlara çəkilir. Kimsə düşünməsin ki, iman və dindarlıq yolu həmişə gülzarlıqdan və yaşıl bağçalardan keçir və insan imanı ilə önündə olan bu uzun yolu başdan-başa ayaqlarını gül yarpaqlarının üzərinə qoyur. Bu fikir iman və dinin mahiyyətindən xəbərsizliyi bildirir. Ola bilsin belə fikir və düşüncələr olub. Çünki bir zaman Məkkədə bəzi müsəlmanların zehinlərinə nüfuz etmişdi ki, nə vaxta qədər tək olan Allaha imanımıza görə əzab çəkməliyik?

Allah-taala onların fikirlərində olan bu xurafatı aradan qaldırmaq üçün aşağıdakı ayələri nazil etdi: “Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.”

Hər halda ilahi imtahan və onun hikmətləri haqqında geniş söhbətlər vardır. Allah bütün bəndələrini bir vasitə ilə imtahana çəkir, necə ki, ilahi peyğəmbərlər ağır imtahan olunurdu.

·Mənəvi mükafat və dərəcələrini ucaltmaq: Bəzən Allah insanı çətinliyə salır ki, bəlalara səbir etməklə onun mənəvi dərəcəsini artırsın.

Əbdürrəhmandan bu haqda nəql olunan hədisdə deyilir: "Əbdürrəhman ibn Həccac deyir: İmam Sadiqin (ə) yanında bəladan və Allahın mömini ona məxsus etməsindən söz düşdükdə, Həzrət buyurdu: “Allah Rəsulundan (s) soruşdular: Dünyada kimin bəlası daha çətindir?” Buyurdu: “Peyğəmbərlər, sonra onlara daha çox oxşayanlardır (vəsilər). Ondan sonra imanı ölçüsündə və xoş rəftarına əsasən möminlər çətinliklərə düçar olur.”

Deməli hər kimin imanı düzgün və rəftarı xoş olarsa bəlası ağır və hər kimin imanı süst, əməli zəif olarsa bəlası az olar.

Başqa hədisdə oxuyuruq: İmam Sadiqdən (ə) rəvayət olunur: “Mömin tərəzinin gözü kimidir ki, imanı artdıqca bəlası da artar.”

İmam Sadiq (ə) buyurur: “Həqiqətən Allah dostlarını müsibət və hadisələrə düçar edir ki, onları günahsız halda savab və mükafata şamil etsin.”

 



1           Ənkəbut”, ayə.2 3

             1 Ənbiya” ayə.35


908 Görüş