Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

29 March 2024

18:12

۸۵۹

Xəbərin xülasəsi :
Hicri-qəməri təqvimlə 60-cı ilin rəcəb ayının on beşinci günü atası Müaviyənin ölümündən sonra Yezid taxta çıxır və dərhal xilafətin bütün əyalətlərindəki valilərə yazdığı məktublarla onları Müaviyənin ölümü və hələ atasının sağlığında planlaşdırıldığı kimi özünün onun xələfi (yeni xəlifə) olması ilə bağlı məlumatlandırır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Hicri-qəməri təqvimlə 60-cı ilin rəcəb ayının on beşinci günü atası Müaviyənin ölümündən sonra Yezid taxta çıxır və dərhal xilafətin bütün əyalətlərindəki valilərə yazdığı məktublarla onları Müaviyənin ölümü və hələ atasının sağlığında planlaşdırıldığı kimi (hətta xalqdan onun üçün beyət də alınmışdı)[1] kimi özünün onun xələfi (yeni xəlifə) olması ilə bağlı məlumatlandırır. Həmin məktublarda onların öz vəzifələrində qalması ilə bağlı əmrlə yanaşı xalqdan yenidən beyət alınması ilə əlaqədar əmr də öz əksini tapmışdı. Məktublardan biri də Müaviyə tərəfindən Mədinə valisi təyin edilən Vəlid ibn Ütbəyə ünvanlanmışdı. Bu məktubla yanaşı Mədinə valisinə göndərilən digər qısa məzmunlu bir məktubda isə Müaviyənin sağlığında Yezidə gələcək xəlifə olaraq beyət etməkdən imtina edən üç tanınmış şəxsiyyətdən beyət alınması təkidlə tələb edilirdi: “Hüseyndən, Abdullah ibn Ömərdən və Abdullah ibn Zübeyrdən beyət almaq üçün onlara təzyiq göstər! Bu xüsusda hər hansı bir üzrü əsla qəbul etmə!”

Vəlid ibn Ütbə məktubu alar-almaz gecə düşən kimi ondan öncə Müaviyə tərəfindən təyin edilən keçmiş Mədinə valisi Mərvan ibn Həkəmi yanına çağırır və onunla Yezidin məktubu və əmri ilə bağlı məsləhətləşir. Mərvan valiyə yubanmadan həmin şəxsləri hüzuruna çağırmağı və Müaviyənin ölüm xəbəri şəhərdə yayılmamış onlardan Yezidi xəlifə olaraq qəbul etdiklərinə dair beyət almağı məsləhət görür.

Vəlid onun tövsiyəsinə qulaq asaraq dərhal adı çəkilən şəxsləri önəmli bir məsələnin müzakirəsi məqsədilə yanına çağırmaq üçün məmur göndərir.

            Vəlidin məmuru İmam Hüseyn (ə) və Abdullah ibn Zübeyrə onun çağırışını çatdırdıqda onlar Peyğəmbər məscidində söhbət edirdilər. İbn Zübeyr bu yersiz gecə dəvətindən narahat olaraq qorxuya düşür. Lakin İmam Hüseyn (ə) Vəlidlə görüşə yollanmazdan öncə onu məsələdən agah edərək deyir: “Belə görürəm ki, onların tağutu artıq ölmüşdür və bu çağırış onun oğlu üçün beyət almaq məqsədi daşıyır”.
 

“Musir əl-əhzan” əsərində nəql olunan rəvayətə əsasən, Həzrət Hüseyn (ə) fikrini təsdiqləmək üçün gördüyü bir yuxunu da sözlərinə əlavə edir: “Çünki yuxuda görmüşəm ki, Müaviyənin evindən alovlar ucalır və taxtı alt-üst olur”.

            Sonra İmam (ə) öz ailə üzvləri və yaxınlarından otuz nəfəri silahlandıraraq onunla birgə gəlmələrini, qapıda gözləyərək ehtiyac olduğu an onu müdafiə etməyə hazır olmalarını istəyir.
 
Həzrət Hüseynin (ə) Abdullah ibn Zübeyrə söylədiyi doğru çıxır və Vəlid ona Maviyənin ölüm xəbərini verərək Yezidə beyət məsələsini eşitdirir. İmam (ə) cavabında deyir: “Mənim kimi (nüfuzlu) bir şəxs məxfi surətdə beyət etməməlidir və sənin belə bir beyətlə qənaətlənməyin də doğru olmaz. Bütün mədinəliləri beyəti təzələməyə çağırdıqda biz də beyət etmək qərarına gəlsək, həmin məclisdə digər müsəlmanlarla birgə beyət edərik”. Yəni, bu beyət Allahın razılığını qazanmağa deyil, xalqın diqqətini cəlb etməyə yönəlmişdir və buna görə də olacaqsa, gizli deyil, aşkar şəkildə olmalıdır.
 
 Vəlid İmamın (ə) sözləri ilə razılaşır və həmin gecə ondan beyət almaqda israr etmir. Həzrət Hüseyn (ə) ayağa qalxaraq məclisi tərk etmək istədikdə isə məclis iştirakçılarından olan Mərvan ibn Həkəm kinayəli işarələrlə Vəlidə başa salır ki, əgər bu gecə, elə bu məclisdə Hüseyn ibn Əlidən (ə) beyət ala bilməzsə, bir daha çox qanlar axmadan onu beyətə vadar edə bilməyəcək. Beləliklə, yaxşı olar ki, beyət etməyincə onun getməsinə izin verməsin, imtina etdiyi təqdirdə isə Yezidin əmri əsasında boynunu vurdursun.
İmam (ə) Mərvanın bu reaksiyasını gördükdə üzünü ona tutaraq deyir: “Zərqanın övladı! Sənmi mənim boynumu vuracaqsan, yoxsa omu? Sən yalançı və günahkarsan!”

Sonra isə Vəlidə müraciətlə deyir:

“Ey əmir! Biz peyğəmbərlik soyunun mənsubları, ilahi missiyanın qaynağıyıq. Mələklərin ziyarətgahı, (ilahi) rəhmətin endiyi ünvanlarıq. Allah (İslam nurunu) bizimlə başlamış, bizimlə (soyumuzdan olan imamların öndərliyi ilə) də sona çatdıracaqdır (bizim soyumuz Qiyamət gününədək İslamla birgə yaşayaraq ona öndərlik edəcəkdir). Yezid isə şərab içən, yaşamaq hüququ olan insanları qətlə yetirən və nümayişkaranə surətdə günah işləyən bir kəsdir. Mənim kimi bir şəxs onun kimisinə əsla beyət etməz! Lakin tezliklə biz də görəcəyik, siz də görəcəksiniz ki, hansımız xəlifəliyə və beyətə daha layiqik”.[2]

            Məclisdə səslərin yüksəldiyini və Həzrət Hüseynin (ə) Mərvana ünvanlanan ağır sözlərini eşidən yoldaşlarından bir qismi İmamın (ə) təhlükədə olduğunu düşünərək artıq içəri girmişdilər. İmam Hüseynin (ə) beyət edəcəyinə və ya təklifi ilə bağlı hər hansı razılığa gələcəyinə dair Vəlidin bütün ümidlərini alt-üst edən bu dialoqdan sonra İmam (ə) həmin məclisi tərk edir.

(Ardını izləyin)
 

  • [2] Təbəri, c. 7, səh. 216-218; İbn Əsir, c. 3, səh. 363-364; əl-İrşad (Şeyx Müfid), səh. 200; Musir əl-əhzan, səh. 10; Məqtəl (Xarəzmi), səh. 182; Lühuf, səh. 19.

[1] Müaviyə tərəfindən Yezidin vəliəhdliyi ilə bağlı xalqdan beyət alınması İslam tarixinin ən böyük cinayətlərindən biridir və bu hadisə dəyərli “əl-Qədir” əsərinin 10-cu cildində müfəssəl surətdə öz əksini tapmışdır.

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək