Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

26 April 2024

15:07

۸۹۶

Xəbərin xülasəsi :
Həzrət İmam Huseyn əleyhissəlam qardaşı Məhəmməd Hənəfiyyəyə buyurur: “Qardaş, yer üzündə sığınacaq bir yer qalmasa belə, heç bir vəchlə Yezid ibn Müaviyəyə beyət etməyəcəyəm”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Həzrətin Məhəmməd Hənəfiyyə ilə görüşü

Həzrət İmam Huseynin (əleyhissəlam) Mədinə şəhərindən çıxıb İraqa getmək qərarından qorxuya düşənlərdən biri də onun  ögey qardaşı Məhəmməd Hənəfiyyə idi. Təbəri və bəzi başqa tarixçilərin nəql etdiyi rəvayətlərə əsasən, o, Hüseyn ibn Əli (ə) ilə görüşündə ona belə müraciət edir: “Qardaş, sən insanların ən sevimlisi, ən əzizisən. Sənin xeyrinə olduğunu düşündüklərimi demək də mənim vəzifəmdir. Düşünürəm ki, siz hələlik imkan daxilində müəyyən bir şəhərdə daimi olaraq məskunlaşmamalısız. Övladlarınızla birgə Yezidin xəbər tutmayacağı şəhərlərdən uzaq bir yerdə yaşasanız və oradan nümayəndələr göndərərək xalqın dəstəyini qazanmağa çalışsanız daha məqsədəuyğun olardı. Beləcə, sənə beyət edəcəkləri halda Tanrıya minnətdar olarsan, başqasının əlini sıxdıqları halda isə nə də olmasa zərər görmüş olmazsan. Ancaq şəhərlərdən birində məskunlaşmağı qərara alsan, qorxuram ki, insanlar arasında ixtilaf yaranar, onların bir qismi səni müdafiə etdiyi halda, başqa bir dəstə sənə qarşı çıxar və bu qarşıdurma sənin qanının axıdılması ilə nəticələnər. Sən bu ixtilafın qurbanına çevrilərsən. O zaman bu ümmətin ən dəyərli şəxsiyyətinin qanı hədərə gedər, ailən isə təhqir edilər, alçaldılar”.

            Həzrət Hüseyn (əleyhissəlam) onu diqqətlə dinlədikdən sonra soruşur: “Sənin nəzərincə, məsələn, hansı istiqamətə üz tutmalıyam?” Məhəmməd Hənəfiyyənin cavabı belə olur: “Məsləhət görürəm ki, Məkkəyə gedəsən. Orada əmin-amanlıqda olmadığını görsən, səhra ilə şəhərbəşəhər, diyarbədiyar gəzib-dolaşar, xalqın vəziyyətindən hali olar, atacaqları addımları aydınlaşdırarsan. Ümidvaram, səndə gördüyüm dərin düşüncə və düzgün yanaşma ilə hər zaman doğru yolu tapacaq və problemləri ehtiyatla, uzaqgörənliklə bir-bir həll edəcəksən”.

            İmam Hüseyn (ə) onun tövsiyəsinə qulaq asdıqdan sonra tarixin yaddaşına həkk olunan cavabını açıqlayır:

“Qardaş, yer üzündə sığınacaq bir yer qalmasa belə, heç bir vəchlə Yezid ibn Müaviyəyə beyət etməyəcəyəm”.

            Onun demək istədiyini dərk edən Məhəmməd Hənəfiyyənin göz yaşları yanaqlarına süzülür, İmam (ə) isə belə davam edir:

“Qardaş, etdiyin nəsihətə və doğru məsləhətə görə Allah səni xeyirlə mükafatlandırsın. Elə mən də Məkkəyə yollanmağı qərara almışam və qardaşlarım, onların övladları və ardıcıllarımla artıq bu səfərə hazırıq. Onlar mənimlə eyni inancı və rəyi bölüşürlər. Sənə gəlincə, üzərinə düşən vəzifə budur ki, Mədinədə qalaraq Bəni-Üməyyənin xidmətçilərinə göz qoyasan ki, onların hərəkətləri ilə bağlı mənə heç nə gizli qalmasın”.[1]

            Məhəmməd Hənəfiyyə ilə görüşdən sonra isə növbəti dəfə Peyğəmbər məscidinə üz tutur və yolda Yezid ibn Müfərrəğin aşağıdakı məzmunda olan iki beytini oxuyur:

“Mən dan yeri söküləndə və gecə düşəndə çobanlardan qorxmuram. Əgər ölüm qorxusundan alçaqlığa boyun əyərək əl sıxsam və özümü məni yönələn təhlükələrdən kənara çəksəm, mənə Yezid[2] deməsinlər!”[3]

Əbu Səid Məqbəri adlı ravi deyir: “Hüseyn ibn Əlinin (əleyhiməssəlam) Peyğəmbər (sallallahu əleyhi  və alih) məscidinə doğru hərəkət edərkən zümzümə etdiyi bu iki beyti eşitdikdə həmin misraların məzmunundan anladım ki, İmam (əleyhissəlam) qarşısına çətin və ağır bir tapşırıq qoymuşdur”.[4]


(ardını izləyin)

[1] Məqtəl (Əvalim), səh. 54; Xarəzmi, c. 1, səh. 188.

[2] Burada şair (Yezid ibn Müfərrəğ) özünü nəzərdə tutmuşdur. Həzrət Hüseyn (ə) də şeirin mətnində dəyişiklik etmədən onu olduğu kimi oxumuşdur. Bir sözlə, hörmətli oxucular şairin adı ilə Yezid ibn Müaviyəni qarışdırmamalıdırlar.

[3] Təbəri, c. 7, səh. 221; İbn Əsir, c. 3/səg.265; əl-İrşad, səh. 202.

[4] Təbəri, c. 7, səh. 221; İbn Əsir, c. 3, səh. 265. İbn Əbilhədid “Nəhcül-bəlağənin şərhi”ndə (c. 1, səh. 375) yazır ki, Həzrət Hüseynin (ə) oxuduğu həmin şeir Yezid ibn Müfərrəğ Himyəriyə məxsusdur.

 

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək