Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

28 March 2024

19:44

۸۷۹

Xəbərin xülasəsi :
Bəsrəlilərə məktub: İndi isə öz elçimi bu məktubla birgə yanınıza göndərərək sizi Allahın kitabına və Peyğəmbərinin (sallallahu əleyhi və alih) sünnəsinə (ənənələrinə əməl etməyə) çağırıram. Sünnə yaddaşlardan silinmiş, bidətlər dirçəldilmişdir. Mənim sözlərimə qulaq assanız (çağırışıma qoşulsanız), sizi doğru yola (xoşbəxtliyə və kamilliyə) yönəldəcəyəm. Allahın salamı, rəhməti və bərəkəti sizin üçün olsun!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Bəsrəlilərə məktub

Təbərinin yazdığına əsasən, İmam Hüseyn (ə) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərinin qəbilə başçılarından olan Malik ibn Müsmi Bəkri, Məsud ibn Əmr, Münzir ibn Carud kimi görkəmli şəxsiyyətlərə aşağıdakı məzmunda bir məktub yazmışdı:

“Allah (c.c.) Məhəmmədi (s) yaratdıqları arasından seçərək onu peyğəmbərliklə şərəfləndirdi, öz missiyasını ona tapşırdı və bəndələrinə öyüd-nəsihətlərini tamamladıqdan, özü ilə göndərilən (ilahi) mesajları çatdırdıqdan sonra öz dərgahına çağırdı. Biz (Əhli-beyt) də (Allahın təqdiri ilə) onun ailəsi, sevimliləri, canişinləri, varisləri və insanlar arasında onun məqamına (vəzifəsinin icrasını davam etdirməyə) başqalarından daha layiq olduq. Lakin ümmətimiz (arasından bir dəstə zalımlar) bu haqqı bizim əlimizdən aldı və biz də haqqımız olan bu məqama (Peyğəmbərin (s) xəlifəliyinə, ümmətə rəhbərliyə) onu ələ keçirənlərdən daha layiq olduğumuzu bildiyimiz halda təfriqədən (müsəlman ümmətinin parçalanmasından) qaçaraq və əmin-amanlığı qorumağa çalışaraq buna razı olduq. İndi isə öz elçimi bu məktubla birgə yanınıza göndərərək sizi Allahın kitabına və Peyğəmbərinin (s) sünnəsinə (əməl etməyə) çağırıram. Sünnə (Peyğəmbərin (s) ənənələri) yaddaşlardan silinmiş, bidətlər dirçəldilmişdir. Mənim sözlərimə qulaq assanız (çağırışıma qoşulsanız), sizi doğru yola (xoşbəxtliyə və kamilliyə) yönəldəcəyəm. Allahın salamı, rəhməti və bərəkəti sizin üçün olsun!”[1]

İmam (ə) bu məktubu Süleyman adlı bir dostu ilə Bəsrəyə göndərmişdi. Süleyman Bəsrədə ona həvalə edilən tapşırığı yerinə yetirərək Həzrət Hüseynin (ə) məktubunu ünvanına çatdırdıqdan sonra həbs edilmiş və İbn Ziyad Kufəyə doğru yola çıxmazdan bir gün öncə gecənin qaranlığında onun dar ağacından asılmasını əmr etmişdi.

Xilafət kürsüsü, yoxsa ümmətin mənafeyi?! Əhli-beyt imamlarının (əleyhimussəlam) prioritetləri

 Hüseyn ibn Əli (ə) bu məktubunda Bəsrəliləri İslama və Qurana zidd rejimlə mübarizədə onunla əməkdaşlığa çağırmaqla yanaşı, Əhli-beytin (ə) mövqeyini, xilafət mövzusunun və gerçək İslamın təhrif edildiyini bəyan etmiş, habelə mübarizədə balanslaşdırılmış və prioritetləri nəzərə alan siyasətini açıqlamışdır. O, Əhli-beytin (ə) bəlli bir dönəmdə sükutunun səbəblərini və özünün qiyam ideyasını izah edərək bildirmişdir ki, həmin dövrdə qiyam yerinə sükutun tərcih edilməsinin səbəbi mövcud zəminlər nəzərə alındıqda nəinki qiyamın müsbət nəticə verməyəcəyi, hətta fürsəti qənimət bilən düşmənlər, münafiqlər tərəfindən həmin hərəkatın onların lehinə yönəldilə biləcəyi idi.

 İmam (ə) bildirirdi ki, məhz bu minvalla biz (Əhli-beyt) həmin dövrdə nəfəsimizi tutaraq, özümüzü evlərimizə qapadaraq (aktiv silahlı mübarizədən imtina etmək nəzərdə tutulur tərc.) bu yolla təhlükəli fitnələrin qarşısını aldıq və yönləndirmə və təbliğat fəaliyyətimizlə müsəlmanları inkişafa doğru istiqamətləndirdik. İndi isə yeni bir mərhələ başlamışdır və bu mərhələdə İslam inhiraf və təhriflərlə deyil, məhv olmaq təhlükəsi ilə üz-üzədir. Peyğəmbərin (s) qanunları yaddaşlardan silinmiş, bidətlər, eqoist düşüncələr onların yerini almışdır. Hal-hazırda mövcud şərait fəsadlarla mübarizəyə imkan verir. Yəni bu mübarizədə ümmətin bəzi fərdlərinin pak qanları axıdılıcaqsa da, nəticədə nəinki düşmən bu qiyamdan öz lehinə istifadə edə bilməyəcək, əksinə bu hərəkat İslamın mənafeyinə uyğun maksimum səmərəsini verəcəkdir.

 (ardı var)
------------------------------------

[1] Təbəri, c. 7, səh. 240.

 

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək